Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Cəbrayıl

Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Bu müqəddəs şəxs hələ öz sağlığında böyük hörmət sahibi olub, vəfat edərkən öz mülkünün axar-baxarlı bir yerində - Alpaşa dağının üstündə dəfn edilmişdir. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə almışdır. XIX əsrin ikinci yarısında və XX əsrin 50-ci illərində Cəbrayıl kəndinə Qıraxdın da deyilmişdir. Bu da 1831-ci ildə Daşkəsən kəndində "Karantin" (qırx gün deməkdir) idarəsinin yaranması və 1848-ci ildə həmin idarənin Cəbrayıl kəndinə köçməsi ilə əlaqədardır. Yerli əhalinin dili dönmədiyindən "Qraxdın" kimi tələffüz etmişlər. Cəbrayıl ərazisi Midiyi (e.ə. VII-IV əsrlər), Əhmənilər imperiyasının (e.ə. IV-III əsrlər), Albaniya (e.ə. IV-III əsrlər) dövlətlərinin tərkibində olmuşdur. Albanların dövründə Cəbrayıl ərazisi Pazkank, Əhristan və Dizak adlanan mahalın tərkibində olub. 971-1086-cı illərdə Cəbrayıl Şəddadilərin, 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların, 1478-ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi ġamaxı Ģəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə) quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km, əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi.