Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Salyan

«Salyan»- sözünün etimologiyası haqqında müxtəlif mülahizələr vardır. Elmi tədqiqatlara əsasən demək olar ki, türk dilli tayfaların içərisində «sal» tayfası olmuşdur. Onlar bir zamanlar Volqaboyu sahillərdə yaşamış, həmin ərazidəki düzənliklərdən biri «Sal» düzənliyi adlanır. Bundan əlavə Şərqi Avropa düzənliklərindən axan Don çayının qollarından biri «Sal» çayı adlanır. Salyan yaşayış məntəqəsi keçmişdə bu ərazidə məskən salmış «Sal» tayfasının adını daşıyır. Bir fakta əsasən Bizans tarixçisi Menandr 558-ci il hadisələrindən bəhs edərək «Sal» adlı hun tayfasının "Avar" adlı türk tayfa birləşməsi ilə Cənubi Rusiya çöllərində müharibələr apardığını yazır. Güman ki, salların müəyyən hissəsi avarlarla Azərbaycana gəlib məskunlaşmışdır. Bunu XIV əsr tarixçisi Həmdullah Qəzvinin Kür çayının mənsəbində bir şəhərinin «Abar» şəhəri adlandığını qeyd edilir. Salyan hələ XIII əsrdə diqqəti cəlb edəcək dərəcədə böyük yaşayış məntəqəsi olmuşdur. Nə vaxtdan salındığı dəqiq məlum deyil. Lakin bir məntəqə kimi XV əsrin ortalarına aid edilir. Şirvanşahların Muğan, Təbriz, İran şəhərləri ilə ticarət əlaqələri Salyandan keçmişdir. XVII-XVIII əsrlərdə İran, Şimali Qafqaz, Türküstan və Rusiya ilə ticarət yolları uzun müddət Salyandan keçmişdir. Salyandan bu şəhərlərə satmaq üçün balıq, kürü, tənbəki, ağ və zolaqlı bez aparılırdı. XVIII əsrdə Salyanda Zərbxana olmuş və burada gümüş, mis pullar kəsilmişdir. 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın 12 minlik qoşunu Şamaxıya hücum edərkən müqavimət göstərdiyi üçün Salyanı talan edib dağıtmışdır. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılanda Salyan bu qəzanın inzibatı idarəçilik və mədəni mərkəzi oldu. XX əsrin əvvəllərində burada illik istehsal gücü 3-4 min tona çatan 3 xırda pambıqtəmizləmə müəssisəsi, kiçik istilik-elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana yaradılmışdır. Belə ki, 1863-cü il kameral siyahıya alınmadan aydın olur ki, şəhərdə 1292 ev, 10634 nəfər sakin olmuşdur. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə fəaliyyət göstərmişdir. Bütün Cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1894-cü ildə Salyanda meteoroloji stansiya yaradılmışdır. Salyan həm də İpək yolu üstündə yerləşən bir ticarət mərkəzi olmuşdur. Hələ e. ə. II əsrdən etibarən Çin və Hindistandan gələn tacirlər indiki Türkmənbaşından (keçmiş Krasnavodsk) dəniz yolu ilə üzərək Kürün Xəzərə töküldüyü yerdən (indiki Bankə qəsəbəsi) Kürə keçib, üzərək bütün Azərbaycan ərazisindən, yəni həm də Salyandan keçərək Gürcüstandakı Rioni çayını keçib, buradan isə Qara dənizin sahilindəki Poti limanına çatmaqla Qara dənizə, oradan da Aral dənizinə keçirlərmiş. Salyan uzun müddət Muğanın və cənub - şərqi Muğanın maarif, mədəniyyət mərkəzi olmuşdur. 1881-ci ildə şəhərin ümumi torpaq sahəsi - 800 desyatin olmuşdur. Salyan XIX əsrdə Cavad qəzasının, bütünlüklə Muğan-Salyan zonasının inzibati idarəçilik və mədəni mərkəzi olmuşdur. 1916-cı ildən şəhər hesab olunan Salyan 1916-cı ildən 1930-cu ilə kimi Qəza Mərkəzi olmuşdur. Salyan rayonu isə 1930-cu ildə yaradılıb.
Salyan Sovet hakimiyyəti illərində
1920-ci ilin aprel ayının 21-də Bakı Sovetinin rəhbərlərindən biri M. Əzizbəyov 240 nəfərlik dəstə ilə Salyana gəlir və dinc yolla burada Sovet hakimiyyəti qurulur. Salyanın sovet hakimiyyəti dövründə iqtisadiyyatı inkişaf etmişdir. Bu inkişaf ümummilli lider lider Heydər Əliyevin 1969-cu ildə Sovet Azərbaycanında rəhbərliyə gəlişindən sonra rayonda bir çox sənaye və sosial obyektlər tikilib istifadəyə verilmişdir. Plastik Kütlə Emalı, Elektrik Qaynaq Avadanlığı və Çörək zavodları, Taxıl Məhsulları Kombinatı həmin dövrdə tikilmiş obyektlərdir. Tarix-diyarşünaslıq muzeyi, mərkəzi kitabxana, peşə məktəbi, mərkəzi xəstəxana, kənd təsərrüfatı texnikumu, poçtamt, şəhər mehmanxanası və stadion, bir sıra səhiyyə müəssisələri sosial obyektlər kimi bu gün də vətəndaşların istifadəsindədir. Rayonda bir çox yaşayış massivləri salınıb.

Salyan müstəqillik dövründə

Respublikamız müstəqillik əldə etdikdən sonra, xüsusilə 1993-cü ildən etibarən Salyanın sosial-iqtisadi həyatı getdikcə inkişaf etməyə başlayıb. Son illərdə Salyanda sosial obyektlər tikilib istifadəyə verilmiş, vətəndaşların iş yerləri ilə təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Müasir Salyan planlı, 53 küçəsi olan abad şəhərdir.

2011-ci ilin 15 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyev Salyan şəhərində olarkən Salyanın bu günü və gələcəyi üçün mühüm önəmi olan açıqlamalar verdi. Cənab prezident şəhər sakinləri ilə izdihamlı görüşündə dedi:

"Sizi ürəkdən salamlayıram. Salyan şəhərinin gözəl inkişaf planı hazırlanır. Bu yaxınlarda icra başçısı mənə məlumat verdi və o planı təqdim etdi. Mən də onu bəyəndim, dəstəklədim. İndi əlavə vəsait ayrılacaqdır. Salyan Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir.

Burada gözəl xiyabanlar, binalar tikiləcək, təmir işləri aparılacaq, bütün infrastruktur yenidən qurulacaqdır. Qazlaşdırma, içməli su, kanalizasiya layihələri, sosial infrastruktur - bütün bu işlər planlarda vardır. Bilirsiniz ki, mən Tahiri bu yaxınlarda təyin etmişəm. O, Daşkəsən rayonunda yaxşı işləyib, özünü göstərib, özünü doğruldub. Ona görə mən məsləhət gördüm ki, onu daha da böyük rayona təyin edim və tapşırıq da verdim ki, burada işlər ən yüksək səviyyədə görülməlidir. Yenə də demək istəyirəm ki, bu yaxınlarda yanıma gəldi, planı təqdim etdi, şəkilləri göstərdi və indi işə başlamısınız. Artıq görürəm ki, binaların təmiri başlanıbdır. Əlbəttə ki, burada daxili görünüş də gözəl olmalıdır, bütün binalar təmir edilməlidir. Eyni zamanda, yaşamaq, işləmək üçün bütün şərait yaradılmalıdır. İlk növbədə qazlaşdırma aparılmalıdır. Çünki elektrik enerjisi ilə təminat normaldır. Ondan sonra içməli su, kanalizasiya, sosial infrastruktur layihələri icra edilməlidir. Burada Kürün istiqamətinin dəyişdirilməsi sxemi mənə göstərildi. Mən onu da mən bəyəndim. Yəni, biz bütün bu işləri kompleks şəkildə görəcəyik. İşlər başlayıb və əminəm ki, yaxın zamanlarda Salyanın yeni, gözəl siması yaradılacaqdır.

Bilirsiniz ki, Salyan xüsusi əhəmiyyətə malik olan bir rayondur. Bakıya yaxın olan bir rayondur. Həm ulu öndərin, həm də mənim seçki kampaniyalarımız Salyandan başlanmışdır - 1998-ci ildə və 2003-cü ildə. Mən seçki kampaniyasını ilk dəfə olaraq Salyan rayonundan başlamışdım. Sizin xeyir-duanızla bu vəzifəyə gəlmişəm və çalışıram ki, doğma xalqıma xidmət edim."

Əsasən aqrar rayon kimi tanınan Salyan rayonunda həm də, «Salyan OYL» LTD şirkəti fəaliyyət göstərir, şirkət neft yataqlarının aşkara çıxarılıb istifadəyə verilməsində lazımi işlər görülür.

Qədim tarixin izləri

Bəndovan
Azərbaycanın qədim xəritəsinə nəzər saldıqda orada onlarca şəhər adına rast gəlmək olar. Amma zamanın amansız gərdişləri nəticəsində hazırda onların bir çoxunun yalnız adları müxtəlif mənbələrdə qalır. Bəzilərinin isə hətta xarabalıqları bu günümüzə gəlib çatıb.
Qədim məxəzlərə görə, Xəzər dənizi sahilində, indiki Salyan rayonunun ərazisin də Bəndovan adlı bir şəhər mövcud imiş. Bəndovan şəhərinin qalıqları hazırki Şirvan Milli Parkı ərazisindəki Bəndovan burnunda və Xəzər dənizinin bu yerlərdəki sahillərində aşkarlanıb. 1970-ci ildə ərazinin sahil hissəsi və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı müxtəlif tipli tikili qalıqları, dulusçuluq kürəsinin qalıqları, orijinal şirsiz və şirli qablar, əmək alətləri, şüşə bəzək əşyalaarı, sikkələr və s. tapılıb. Dənizdən tapılmış qabların üzərində heyvan və quş şəkilləri var. Mis, gümüş pullar Şirvanşahlar dövrünə aiddir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun rəyinə görə, ərazidən tapılan saxsı qab parçaları müxtəlif dövrlərə X-XVII əsrlərə, mis sikkələr isə XIV əsrin axırlarına aid olub Şirvanşahlar dövlətinə məxsusdur.
Arxeoloji materiallar Bəndovanın XIX-XIII əsrlərdə yaşayış məskəni olduğunu söyləməyə imkan verir. A.Bakıxanov da hələ 1840-cı ildə Bəndovan ərazisində Sualtı şəhər qalıqlarının olduğunu qeyd edib.
Ehtimal edilir ki, XIV əsrin əvvəllərində Xəzər dənizinin suyunun qalxması nəticəsində sahildəki bir sıra şəhərlər kimi Bəndovan da sulara qərq olub.

Mahmudabad şəhəri və Qirxçıraq
Vaxtilə Xəzər dənizi yaxınlığında yerləşmiş, sonradan yoxa çıxmış şəhərlərdən biri də Mahmudabaddır. Qədim mənbələrdə adına tez-tez rast gəlinən bu şəhərin xarabalıqlarının axtarışına hələ keçən əsrdə başlanıb. Nəhayət 1980-cı illərdə arxeoloji axtarışlar nəticəsində müəyyən olunub ki , bu qədim şəhərin xarabalıqlarının bir hissəsi Salyan rayonu ərazisində, Bakı-Salyan şossesinin 117-ci kilometrindəki Qırxçıraq adlı qədim yaşayış məskənindədir. Şəhər Hülakü hökümdarlarından olan Sultan Mahmud Qazan xan tərəfindən salınıbmış. Tədqiqatlar zamanı Qırxçıraqdan yüzdən artıq gümüş və mis pul tapılıb. Onların üzərindəMahmudabad və Kuştasfi şəhərlərinin adlarına təsadüf olunur. Mahmudabad həmin dövrlərdə iri ticarət və inzibati mərkəz imiş. Tapıntılar onu da sübut edir ki, XIV-XVI əsrlərdə Mahmudabadda zərbxana da var imiş. Burada müxtəlif hökmdarların adından gümüş və mis sikkələr kəsilirmiş.
Çay kənarında və qədim karvan yolu üstündə olması Qırxçırağın əhalisinin təsərrüfat və ticarət həyatına təsir göstərib.Yaşayış yerinin geniş ərazisində qalan seyrək süni təpəciklərdəki qalın kül təbəqələri Qırxçırağın yanğından məhv olduğunu göstərir. Teymurləngin və Şah İsmayıl Xətainin də bir zamanlar bu şəhərdə olmaları ilə bağlı deyilənlər sadalanan fikrləri təsdiq edir.

Kürsənginin dulusçuluq ənənələri
Salyan rayonunun Kürsəngi kəndi ərazisində tapılan arxeoloji tapıntılar tarixi kecmişi təsdiqləməklə yanaşı, həm də bu yerlərdə dulusçuluq sənətinin qədim köklərinin olmasına əyani sübutdur. Bu qədim yaşayış sahəsinin yaxınlığında yerləşən və el arasında "qırmızı kərpiclik" deyilən, yaşayış yerinin xarabalıqları indiyədək qalır. Aparılan araşdırmalar zamani ərazidə torpağın üst qatında dəmirçi emalatxanasının qalıqlarının, müxtəlif saxsı parçalarının, qırmızı kərpicdən tikilmiş evlərin qalıqlarının və bəzək əşyalarının üzə cıxması bu ərazinin qədimliyinin göstəriciliərindəndir. Bu isə həm də bizlərə əhalinin qədimdə sənətkarlığın hansı növü ilə daha çox məşğul olduğu barədə qiymətli məlumat verir.
Bütün bunlardan əlavə, səhih faktlarla məlumdur ki, müxtəlif zamanlarda Salyandan Ərdəbilə, Təbrizə , Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu.
İqtisadi inkişafı ilə əlaqədar bölgənin maarif və mədəni mərkəzklərindən olan Salyanda həm də yerli sakinlər arasında xalq sənətinin- xalçaçılıq, papaqçılıq, daş üzərində oyma, zərgərlik, ağac üzərində oyma, dəmirçilik kimi növləri də geniş yayıldığı məlumdur.

Arxeoloji abidələr

Salyan rayonu ərazisində günümüzə qədər gəlib çıxan ölkə əhəmiyyətli 7 arxeoloji, 11 yerli əhəmiyyətli abidələr mövcuddur.Bu maddi mədəniyyət nümunələri tarixi kecmişimizə güzgü salmaqla ərazinin necə qədim olmasını və ulularımızın hansı şəraitdə yaşamasından xəbər verən qiymətli tapıntılardır.

Ölkə əhəmiyyətli arxeoloji abidələri
Birinci Babazanlı yaşayış yeri (e.ə.birinci minillik), Marışlı yaşayış yeri (XI-XV əsrlər), Marışlı nekropolu (e.ə II minillik) , Kürsəngi küp qəbirləri nekropolu (e.ə II -e. III əsrlər), Mahmudabad yaşayış yeri, Mahmudabad küp qəbirləri nekropolu (I-II əsrlər), Noxudlu yaşayış yeri (e.ə II minillik).

Yerli əhəmiyyətli arxeoloji abidələr
Salyan yaşayış yeri (orta əsrlər) , II Babazanlı yaşayış yeri (orta əsrlər), Qırxçıraq yaşayış yeri (orta əsrlər), Yuxarı Xalac yaşayış yeri (orta əsrlər), Bəndovan yaşayış yeri (orta əsrlər), Xurşud yaşayış yeri (orta əsrlər), Xurşud nekropolu (orta əsrlər), Arbatan yaşayış yeri (orta əsrlər), Şorsulu nekropolu (orta əsrlər), Bəydili yaşayış yeri (orta əsrlər), Qarabağlı yaşayış yeri (orta əsrlər).

Ermənilərin törətdiyi mart qırğınları

Salyanın sinəsinə çəkilən dağ
1918-ci ilin martında Bakıda dinc əhaliyə olmazın divan tutan erməni daşnakları ardınca çırkin əməllərinin Bakı ətrafı ərazilərdə davam etdirdilər. Dəniz yolu ilə Kür çayının mənsəbinə gəlib çıxan erməni-bolşevik quldur dəstələri o vaxtkı Salyan qəzasında, indiki Salyan və Neftçala rayonlarının ərazisində insan ağlına sığmayan cinayətlər törətdilər. Hər tərəfli silahlanan erməni vəhşiləri çay boyunca irəliləyərək qarşılarına çıxan yaşayış məntəqələrinin dinc sakinlərinə ağır işgəncələr verərək qətlə yetiriblər. Körpə və ahıl yaşlı insanları süngüyə keçirərək alovda yandırıblar. Bir qisim insanlarınsa bellərinə qaynar samovarları bağlayaraq əzabla ölməsinə şahidlik ediblər. Qadınların döşlərini kəsən Şaumyanın başcılıq etdiyi bu qan içən ermənilər azərbaycanlıların bir dəfəlik kökünü kəsmək məqsədilə hamilə qadınların qarınlarını yırtıb hələ dünyaya gəlməyən üşaqları belə vəhşiliklə öldürüblər. İndiki Salyan şəhərinə qədər irəliləyə bilən ermənilər evləri də yandırıb, keçdikləri yerlərdə soyğunçuluq törədiblər. Qorxuya düşən sakinlər qaçıb "Mırovdağ" adlanan ərazidə gizlənsələr də ermənilər dağa sığınan insanların yerini aşkarlayıb burada da onlara divan tutublar. O qanlı tarixin nişanələri (kütləv öldürülmüş insanların sümükləri) bu gündə həmən ərazidə qalmaqdadır. Ermənilərin bu ərazidə həyata keçirdiyi qətliamlar tarixi sənədlərdə də əksini tapıb. "Belə ki " Azərbaycan " qəzetinin 3 noyabr 29 saylı nömrəsində Mərkəzi Kaspi Diktaturasının üzvü Leymleyn Kaspi Donanmasının baş komandanı Xaçikova təqdim etdiyi rus dilindən tərcümədə "Ərzi-hal " adlı məxfi sənəd çap edilir. O zaman şəhər polis dairəsində saxlanılan sənədi qəzetin əməkdaşı Məhəmməd Sadiq polis müfəttişi Bahəddin bəydən əldə edibmiş. Məxfi sənəddə əsasən törətdikləri qırğınlar və Salyan qəzasında məğlub olmalarının səbəbləri təfsilatı ilə acıqlanıbmış. Sənəddə qeyd olunub ki, Kür çayının aşağı hissələrini nəzarətdə saxlamaq məqsədilə təpədən dırnağadək silahlanan daşnaqlar 1918 ci ilin iyun ayında hərbi sursatla dolu 6 hərbi gəmilərlə ("Krasnavodsk", "Yelets", "İraq", "Bakintes", "Salyanets" və "Demosfen") su yolu vasitəsi ilə Salyan qəzasına soxulurlar. Sənəd də göstərilir ki, gəmilərdə 900 silahlı əsgər olub, bunlar ruslardan təşkil olunmuş dənizçilər, makinalı tüfəngçilər (pulemyotçular) və silahlı erməni əsgərləri idi. İri silahlara gəlincə isə cinayətkar dəstə də 4 ədəd iri çaplı top, 14 ədəd makinalı tüfəngləri var imiş. Təkcə bir faktla daşnaqların Salyan qəzasında törətdiyi qırğınların miqyasını acıq aydın göstərmək olar. Belə ki özləri ilə gətirdikləri 800 top mərmisinin 700 ədədi bu ərazilərə atıb dağıntı və qətllər törədiblər. " Hazırda unikal və tarixi əhəmiyyətli qəzet nümunəsi Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyində qorunur. Digər məlumatlara görə daşnaklara Kür çayında üzən 2 hərb gəmisi və bir nəqliyyat gəmisi də yardım edib.

Ermənilər üzərində qələbə
O zaman bu qaniçən vəhşilərin qarşısını Ağa Mirbağır ağanın, Ağa Mirəşrəf ağanın başcılıq etdiyi yerli əhalidən təşkil olunan kiçik dəstələr, həmçinin Qaçaq Usubun və Nuru Paşanın komandanlığı ilə azərbaycanlıların köməyinə gələn Qafqaz İslam Ordusunun türk əsgərləri ala biliblər. 15 gün davam edən qızğın döyüşlərdən sonra Şaumyanın silahlı dəstəsi zərərsizləşdirilib. Ağır və şanlı döyüşdə yerli əhaliylə yanaşı türk əsgər və zabitlərindən bir neçəsi şəhid oldular. Neftçala rayonunun Bankə və Salyan şəhər qəbiristanlıqlarında dəfn olunmuş bu türk şəhidlərinin məzarları indidə əhalinin inanc yeridir. Qeyd edək ki, türkləri Salyan qəzasına salyanlı sahibkar İmamverdi şəxsi gəmisi ilə gətiribmiş. Qələbənin qazanılmasında digər salyanlıların; Molla Əbülhəsən, Molla Məhəmməd, Molla Ramazan, Molla Hüseyn, Kərbəlayı Rəşid, Qəhrəman, Pilağa Hacı Səməd oğlu, Miraslan , Qaranquş Əsəd, Qəssab Qubad, Ələkbər, Kərbəlayı Cahangir, Dadaş, Qaragöz Məhəmməd Hüseyn, Qubad, Faytonçu Əsgər, Uruf, Ağakişi Nağıyev, Əli bəy, Mirzəli, Qulam və s, xüsusən Azərbaycan hərb tarixində müstəsna iz qoyan Sultan Hüseynzadə, könüllülərin türk ordusuna cəlb olunmasında böyük fədakarlıqlar göstərmiş Sərxan Şirvanlı və döyüşlərdə türklərə bələdçilik edən Ağapaşa böyük şücaət göstəriblər.

 

Mühüm hadisələrin tarixi

Salyana 1916-cı ildə şəhər statusu verilib.
Salyan rayonu 08 avqust 1930-cu ildə yaradılıb.
Ulu Öndər Heydər Əliyev ilk dəfə rəhbər kimi Salyana 1969-cu ilin avqust ayında Gəlib. O zaman rayonun Qaraçala qəsəbəsindəki 1№-li pambıqçılıq sovxozunda olub zəhmətkeşlərlə görüşüb.
1972-ci ildə 2 ci dəfə Salyana təşrif buyuran milli lider H. Əliyev Q. Səmədov adına kolxozda, Plastik kütlə emalı zavodunda olub.
Dahi şəxsiyyət 1977-ci ilin iyul ayında "Yeni Mugan", "Oktyabr", "Bəşirabad" kolxozlarında və Təsərrüfatlararası mal-qara Kökəltmə birliyində olub.
Zəhmətkeşlərlə hər zaman yaxın olan 2 dəfə Sosialist Əmək Qəhrəmanı H. Əliyev 1981-ci ilin iyul ayında "Oktyabr", M.F. Axundov, Frunze kolxozlarında, yeni nasos stansiyasının tikintisində və Rayon Tarix Diyarşünaslıq Muzeyində olub.
Azərbaycanın xilaskarı H. Əliyev 1998-ci ilin oktyabr ayının 1-də isə Azərbaycan Respublikası Prezidenti vəzifəsinə seçkiləri ərəfəsində Salyan, Neftçala, Hacıqabul rayonlarının və Şirvan şəhərinin seçiciləri ilə Salyan şəhərində görüşüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin seçkiləri ərəfəsində Salyan rayonunun seçiciləri ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il avqust ayının 10-da Salyan rayonunda səfərdə olub. Səfər zamanı Ulu öndər Heydər Əliyevin abidəsinin və muzeyinin açılış mərasimində, gücü 220 meqovat olan Salyan yarımstansiyasının təməl qoyma mərasimində iştirak edib. Olimpiya Kompleksinin tikintisində, Rayon Mərkəzi Xəstəxanasında, Süd zavodunda gedən işlərlə də tanış olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci il sentyabr ayının 7-də Salyan rayonuna səfəri zamanı Qardili kənd orta məktəbinin, Salyan Olimpiya kompleksinin açılış mərasimlərində iştirak edib. Əsaslı təmirdən sonra istifadəyə verilən rayon Mərkəzi Xəstəxanasının açılış mərasimində qatılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il aprel ayının 29-da Salyan rayonuna səfəri baş tutub. Bu zamanı cənab prezident Ələt-Astara avtomobil yolunun 22 km-lik hissəsinin və 10700 tonluq Soyuducu Anbar Kompleksinin, eləcədə gücü 220 meqovat olan Salyan yarımstansiyasının açılış mərasimində iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ilin aprel ayının 15 də Salyan rayonunda sakinlərlə görüşüb. Sakinlərin qayğıları ilə maraqlanan cənab prezident rayonda gedən abadlıq quruculuq işləri ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.