Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Biləsuvar

Biləsuvar rayonu Azərbaycan Respublikasının zəngin tarixi keçmişi olan ərazilərdən biridir.

Azərbaycan Sovet Ensiklopediyasının ikinci cildində Biləsuvar rayonu haqqında verilmiş məlumatda qeyd edilir ki, "Biləsuvar, Piləsuvar - Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsidir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır". XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya imperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 
1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdır. 
Sabir Nəsiroğlu adlı müəllifdən şərq aləminin tarixini və mədəniyyətini öyrənən "Həmşəhri" cəmiyyəti tərəfindən nəşr olunmuş "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həmşəhridan gələn səslər" kitabında Biləsuvarın taixi ilə bağlı maraqlı məlumatlar çoxdur. Müəllif tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın - bilyər və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir.

Adının mənası

Tarix bölümündə qeyd edildiyi kimi Biləsuvar toponimi bir neçə məna verir:

Bu ərazilərdə məskunlaşmış bilyər və suvarlar tayfalarının adından 
Bu yaşayış məntəqəsini X əsrdə saldıran Büveyhi əmiri Piləsuvarın adına 
"Belə", "Su", "Var" sözlərindən yarandığını qeyd edənlər də var. Yerli əhali də bu fikrə daha çox üstünlük verir.