Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Biləsuvar Regional Mədəniyyət İdarəsi

Salyan şəhəri
Salyan rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Kür çayı bu rayonun ərazisindən keçir. Salyan düzənliyi bir sıra xüsusiyyətlərinə görə Muğan düzünə oxşayır. Salyan rayonu - Lənkəran - Astara zonasının «qapısı» hesab edilir. Çünki Bakını Azərbaycanın cənub rayonları ilə əlaqələndirən dəmir yol və şosse yolu məhz Salyan rayonun ərazisindən keçir. Rayon mərkəzindən 5 km aralıda yerləşən Babazənin palçıq vulkanından çıxan müalicəvi əhəmiyyətli palçıq çoxlarını buraya cəlb edir. Rayonun inzibati mərkəzi - Salyan şəhəri Azərbaycanın şimal və qərb şəhərlərini cənub şəhərləri ilə və Yuxarı Şərq regionu ölkələri ilə birləşdirən qədim karvan yolunun kənarında salınmış şəhərdir. Bu şəhərin adı «sal» qəbiləsinin adından götürülmüşdür. Deyilənə görə bu şəhər həmin qəbilənin nümayəndələri tərəfindən salınmışdır. Kür çayı bu şəhərin içindən burula-burula axıb keçir. Rayonun ərazisində mövcud olan memarlıq abidələrinə misal olaraq, Qumlavar körpüsünü (XII əsr), Qubalı Baloğlan kəndindəki Xanağah tikililər kompleksi (XIX əsr) göstərə bilərik. Salyan şəhərindəki «Təndirxana» karvansarası isə bizim zəmanədə şərq üslubunda tikilmiş və müasir avadanlıqla təchiz edilmişdir. Qonaqlar burada qədim Azərbaycan mətbəxinin ləziz nemətləri ilə tanış olurlar. Bu yeməklərin hazırlanma reseptləri rayonun bir sıra yaşayış məntəqələrində qayğı ilə qorunub saxlanılır və nəsildən-nəslə ötürülür. Onu da qeyd edək ki, istər milli xörəklərin, istərsə də həmin xörəklərin yanında verilən çərəzlərin hazırlanması hər yerdə spesifik xüsusiyyətlərə malikdir. Harada qalmaq olar Bakı yolunda, dəniz ətrafında yerləşən «Kaliforniya» motelində Tel 47 12 57, 47 31 35 yüksək səviyyədə xidmət göstərilir. Harada nahar etmək olar «Təndirxana» restoranında müxtəlif çeşiddə xörəklən sifariş etmək olar. Yol kənarındakı kafe və qəlyanaltılarda münasib qiymətə dadlı xörəklər hazırlanır.